Nizami icra başçısının qarajındakı göz oxşayan avtomobillər - Arif Qasımovun əzəmətli və dəbdəbəli KRALLIĞI
Tarix: 8-06-2020, 12:48 | Bölmə: siyaset / banner / ust

Nizami icra başçısının  qarajındakı göz oxşayan avtomobillər - Arif Qasımovun əzəmətli və dəbdəbəli KRALLIĞIBir neçə il qabaq Bakının Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısı Arif Qasımovun əzəmətli, dəbdəbəli, orta əsr krallarına yaraşan iş kreslosunun fotosu yayımlananda ictimaiyyət tərəfindən qınaq və ironiya ilə qarşılandı.

Misir fironlarının sərdabəsinə bənzər, qol-qanadlı, təvazökarlıqdan qat-qat uzaq həmin kabinet kreslosu həm Azərbaycan məmuriyyətin vəzifəpərəstliyini simvolizə edirdi, həm də A.Qasımovun daxili xarakterini, o cümlədən yiyələndiyi sərvətlərin həddi-hüdudu olmadığına ismarış verirdi.
Əfsus ki, cəmiyyətin politik kontingenti sosial mediada onu yaylım atəşi ilə tənqidə tuş gətirəndə yanıldı, ictimaiyyət Nizami RİH başçısının biznes səltənətənin imkanlarını dəyərləndirə bilmədi.
Yalnız bu günlərdə mətbuatda tirajlanan mal-mülk, biznes siyahısı isbat etdi ki, İmişlinin həbs edilən keçmiş başçısı Vilyam Hacıyevin evindən çıxan sərvəti A.Qasımovun milyonlarının qarşısında qəpik-quruşdur.
Anaxeber.info məlumat verir ki, A.Qasımov paytaxtın strateji və böyük rayonlarından biri olan Nizamiyə İH başçısı təyin olunan gündən kəhkəşanını imperatorların var-dövlətləri səviyyəsinə çatdırıb.
Onun Siyəzən rayonun rəhbərlik etdiyi dövrdən biznes imkanları geniş olub. Bu gün də Siyəzəndə obyektləri, torpaq sahələri nəzarətindədir.
Amma Siyəzəni Nizami rayonu ilə müqayisə etmək olmaz. Bakının gəlirli, qazanclı rayonlarından birinə icra başçısı gəlməklə gəlirlərin onqat artırıb.
Bütün bunlar isə həm abadlıq-quruculuq işlərinə ayrılan vəsaitlərin mənimsənilməsi, həm rayonun gəlir gətirən yerlərinin arendaya verilməsi, həm də yaşıllıqların məhv edilərək ərazilərin satılması hesabına olub.
Hazırda Nizami rayonunda ağacların kəsilməsi prosesi səngiyib. Çünki A.Qasımovun təlimatı əsasında Qara Qarayev prospektində meşəlik qalmayıb. Bu ekoloji cinayətlərin törədilməsində nə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, nə digər qurumların icra başçısına gücü çatmadı.
Hazırda Q.Qarayev prospekti boyunca başdan-ayağa sağ-sol, hər tərəf, səkilər, "Neftçilər” metrosunun çıxışları, ağaclıqlar satılıb.
Buna razidən keçən hər bir oxucu şahid ola bilər. Metronun üstündə "Mustafa Tayat”, "LC WAIKIKİ” kimi mağazalar şəbəkələri məhz səkinin zəbt edilib satılması əsasında tikilib.
Eyni zamanda "Vosmoy” bazarına gedən yolun hər iki tərəfində ağaclar kəsilib, səkilər zəbt edlib. Bütün bu özbaşınalıqlar icra başçısının razılığı əsasında həyata keçirlib. Nəticədə A.Qasımov varlanıb. Çünki həmin ərazilərdə obyekt tikməyin qiyməti fantastik bir məbləğdir.
Sadəcə, A.Qasımov hər yeri satıb qurtardığına görə artıq Q.Qarayev prospektində boş ərazi tapmaq olmur, indi binaların qarşısı, həyətləri, ara yollarda massivlər sahibkarlara satılır. Təbii ki, Nizami RİH-nin sərəncamları əsasında bu qanunsuzluqlar həyata keçirilir.
Əgər qara maskalılar Nizami İH-də əməliyyat keçirmiş olsaydılar, A.Qasımovun bu əməlləri, qazandığı vəsaitlər, artan gəlirləri üzə çıxarılsaydı, böyük bir korrupsiya şəbəkəsi ifşa edilərdi.
Çünki ötən həftə A.Qasımovun açıqlanan əmlakları, restoranlar, mülklərinin siyahısı təsdiqləyir ki, bu qədər varidata qısa müddətdə yalnız oğrulanmış, talan edilmiş, yağmalanmış, bir sözlə, korrupsiya hesabına nail olmaq mümkündür.
Ona görə də ictimaiyyət Nizami icra başçısının iş kreslosuna istehza edəndə, güləndə tələsdi, bu qədər sərvətə malik olan məmura elə bu cür bahalı kreslo yaraşar.
Anaxeber.info məlumat verir ki, A.Qasımov təkcə korrupsiya pulları ilə gündəmdə olmayıb. Onun adı MTN işi, müxtəlif əməliyyatlarda, rayonun inkişafını tormozlamaqda hallanıb.
Bu dərəcədə odiozlaşmış, rayonda hər hansı müsbət işi ilə ad qazanmamış icra başçısının indiyə qədər vəzifədə qalması da təəccüblüdür.
Bu gün paytaxtın Nizami rayonuna işləyən, fəaliyyəti şəffaf, enerjili, gənc, prezidentin islahatlarına uyğun kadr rəhbər gətirilməlidir. Necə ki, Xətaini başdan-başa satan Razim Məmmədov kimi icra başçısı işindən kənarlaşdırıldı.
Yeri gəlmişkən, Arif Qasımov 600 min manatlıq maхinasiyada ittiham olunmuşdu. Belə ki, prezident İlham Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verdiyi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyev iş adamı Ramazan Səlimovdan 600 min manat alaraq onu icra başçısı təyin etdirəcəyini vəd etmişdi.
Məlumata görə, bu işdə o vaxt Siyəzən İcra Hakimiyyətinin başçısı işləyən Arif Qasımov da iştirak edib. Hər halda 600 min manat pulu alınan iş adamı istintaqa ifadəsində belə deyib.
O, istintaqçılara bildirib ki, Həsən Əliyev ondan külli miqdarda pulu aldıqdan sonra onu Arif Qasımovun yanına göndərib.
Mediada yayılan xəbərlərdə ona da rast gəldik ki, Qasımov üçün Bakıya qapıların açılmasının səbəbkarı bəlkə də bir çoxlarına qəribə gəlsə də, elə Eldar Mahmudov olub.
Arif Qasımovun hakimiyyətdə bir sıra əlaqələri varmış. Lakin bu əlaqələrin ən başlıcası Eldar Mahmudov və onun qurulmasında isə tək vasitəçi qayınının böyük zəhməti olub. Arif Qasımovun paytaxt rayonlarından birinə transfer olunacağı «MTN işi» olayından 1 il əvvələ təsadüf edəcəkdi. Lakin Eldar Mahmudovun başının bəzi işlərə qarışıq olması onun təyinatını yubatmağa başladı.
Mətbuatda gedən xəbərlərə istinadən onu da bildirək ki, Arif Qasımov Bələdiyyə sədri vəzifəsində çalışanda, onun Rəhimov Nurəli Qəzənfər oğlu adlı müavini olub.
A.Qasımovun bütün qanunsuz işlərini bu adam görüb. Onun əli ilə Nizami rayonunda çoxlu sayda geniş torpaq sahələri, bir neçə obyekt və s. əldə edə bilib.
Nurəli Rəhimov rəhmətə gedəndən sonra, o, əmlak məsələləri ilə bağlı saxta sənədləşmə işlərini görə biləcək etibarlı adam axtarışına çıxıb.
Bu zaman həm də mərhum müavininin xidmətlərinin qarşılığı olaraq, onun qardaşı Rəhimov Abbas Qəzənfər oğlunu Bələdiyyədə işə düzəldib.
Həmin vaxtdan da A.Qasımovun bütün çirkli əməllərini qardaşı Nurəli Rəhimovun əvəzinə, Abbas Rəhimov yerinə yetirməklə məşğuldur.
Ən nəhayət, bu günlərdə açıqlanan yeni sərvət siyahısını yada salmaq yetərlidir. Hər halda A.Qasımov həbs edilən icra başçılarından milyonçuluqda geri qalmır.
Beləliklə;
– Bakının Nizami rayonunda yerləşən, keçmiş OMON-un binasının yanında, 30 sot torpaq sahəsinin içərisində tikilmiş "Amazon” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;
– Nizami rayonu, Elşən Süleymanov küçəsi 80-də, 8 sot torpaq sahəsinin içərisində yerləşən "Kölgə” restoranı. Tikintinin sahəsi 1000 (min) kvadrat metrdir;

– Nizami rayonunda yerləşən məşhur "Neolit” restoranına şərikdir. Belə ki, bu restoranın səhmlərinin 50 faizi A.Qasımova məxsusdur;

– Nizami rayonu, Əli Vəliyev küçəsi 24-də ("Ruslan 93” kimi tanınan mağazanın arxasında) 8 nəfərin adına sənədləşdirilimiş torpaq sahəsi. Bölgüdə hər bir şəxin adına 10 sot torpaq sahəsi qeyd olunub. Bunların arasında icra başçısının qaynı və həyat yoldaşının adı da var. Ən maraqlısı isə odur ki, Arif Qasımov son vaxtlar bir çox əmlakı ilə yanaşı, sözügedən 80 sot torpaq sahəsini də satışa çıxarıb. Həmin ərazinin dəyəri təxminən 8 milyon manatdır;

– Sabunçu rayonu, Ramana qəsəbəsində, "Şuşa şəhərciyi” adlanan ərazinin yaxınlığında 150 hektara yaxın torpaq sahəsi. Hazırda bu ərazi də satışa çıxarılıb;

– Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində ("Xəzər” Universitetinin arxasında) əslən Şərurdan olan Elsevər adlı iş adamı ilə şərikli binalar. Hazırda bəzi binaların tikintisi davam edir. Tikintiyə icra başçısının oğlu nəzarət edir;
– 2011-ci ildə Nizaminin Bələdiyyə sədri olduğu vaxtlar qanunsuz yolla əldə etdiyi, Şərq küçəsi 40/85-də yerləşən və 10 nəfərin adına sənədləşdirilən torpaq sahəsi. Bölgüdə hər bir vətəndaşın adına 6 sot torpaq sahəsi rəsmiləşdirilib.
– Nizami rayonu, Şərifli küçəsi 808-ci keçiddə yerləşən qara mərmərdən üzlənmiş milyonlarla dəyəri olan villa. Mənbə deyir ki, bu villanın altında böyük yaşayış kompleksinin qarajı qədər geniş olan yeraltı qaraj var. Burada A.Qasımovun dəyəri milyonlarla dollar olan maşın kolleksiyası yerləşir. Bildirilir ki, villanın qarajında qiyməti 360 min dollar olan "Mercedes-Maybach”, 300-350 min dollarlıq "Gelendevagen Brabus”, 220 min dollarlıq "Mercedes GL”, həmçinin təxminən bu qiymətlərdə "Range Rover Sport”, "Mercedes S-klass” və s. markalı 30-a yaxın avtomobil var. Şübhə yoxdur ki, aidiyyəti qurumlar bir gün Nizaminin icra başçısının da "qapısını döyəndə” həmin qarajdakı göz oxşayan avtomobillərin hamısı üzə çıxacaq;
– Nizami rayonunda, Vərəm Disponserinə yaxın ərzidə "Çayla” çay evi yerləşən 3 mərtəbəli bina. Çoxları həmin obyektin Rəcəb adlı şəxsə məxsus olduğunu düşünür, əslində isə icra başçısı onunla şərikdir. Üstəlik diqqətli oxucularımız ərazidən keçərkən görəcəklər ki, bu bina tikilən zaman kobud qanun pozuntusuna yol verilib. Belə ki, döngədə yerləşən bina yolun yarısını tutub.
– Xətai rayonu, Keşlə qəsəbəsində (NZS pivə zavodunun yanında) 4-5 ədəd villa və hər birinin qarşısında da obyektlər;
– Xızı rayonu, "6 ağac” adlanan ərazidə hektarlarla torpaq sahəsi;

– 2011-2015-ci illərdə Siyəzən rayonunda icra başçısı işləyən dönəmdə böyük ərazidə quşçuluq ferması açıb ki, hazırda da fəaliyyət göstərir.
Bir dövlət məmuru topdağıtmaz biznes imperiyasına aldığı maaşla necə sahiblənə bilər? - Sual ritorikdir, bizsə Nizami İH-nin mövqeyini dərc etməyə hazırıq.
Anaxeber.info
Turan




433 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər