18 C
BAKI
18 Oktyabr 2021
Guninfo.az
Image default
CƏMİYYƏT

Qardaşlığın rəmzi olan Şuşa Bəyannaməsi – Politoloq Hülya Məmmədli

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 15-16 iyun tarixlərində ölkəmizə səfəri yeni mərhələyə qədəm qoyan iki ölkə münasibətlərinin gələcəyini müəyyən etmək baxımından tarixi ziyarət oldu. Vətən müharibəsindən sonra Qarabağ torpağına ayaq basan ilk xarici ölkə rəhbəri olan prezident R.T.Ərdoğan azad edilmiş torpaqlarımızda 30 illik işğal dövründə ermənilərin törətdiyi hədsiz dağıntıları öz gözləri ilə gördü.

Bildiyimiz kimi, bu səfər həm də 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlamətdar oldu.

Şuşa Bəyannaməsi onsuz da yaxın və möhkəm olan Azərbaycan – Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcını qoydu. Bu Bəyannamə hər iki dövlətin xalqlarımız arasındakı çoxəsrlik münasibətlərə, qardaşlığa, dostluğa, yüz il əvvəl oktyabrın 13-də imzalanan Qars müqaviləsinə, eləcə də xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” və Ulu öndər Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarına sadiqliyini təsdiq etdi.

Bu müqavilə ilə Azərbaycan-Türkiyə münasibətləri strateji tərəfdaşlıqdan müttəfiqlik səviyyəsinə yüksəldi. Bəyannamə beynəlxalq əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, mədəniyyət, təhsil, müasir texnologiyalar, idman, gənclər siyasəti, müdafiə sahələri də daxil olmaqla bütün vacib sferaları əhatə edir.

Şuşa Bəyannaməsi ilə hər iki ölkə beynəlxalq siyasi münasibətlərdə üzərlərinə çox mühüm öhdəliklər götürürlər. Belə ki tərəflər öz milli maraqlarına uyğun müstəqil xarici siyasət yürütməklə bərabər, aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək yaxın və ya üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklərinə, BMT, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklərinə söz verirlər.

Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün Azərbaycan ilə Türkiyəni dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallaşması yönündə əməli işlər aparılır. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması dəhlizin bütövlükdə region və tərəfdaş dövlətlər üçün böyük əhəmiyyət daşıdığını təsdiqləyir.

Müqavilənin imzalandığı tarix isə bir neçə aspektdən xüsusi əhəmiyyətə malikdir. Birincisi, 15 iyun müstəqil Azərbaycanın tarixində Ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasını həyata keçirdiyi həlledici günlərdən biridir.

İkincisi, müqavilənin Ermənistanda növbədənkənar parlament seçkilərindən bir neçə gün əvvələ təsadüf etməsi bu ölkədəki revanşist qüvvələrə ciddi mesajdır. Başqa sözlə desək, seçkilərin nəticəsindən, Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq 44 günlük müharibənin nəticələrini və 10 noyabr bəyannaməsini geri çevirmək, ondan imtina etmək mümkün olmayacaq. Belə bir pozucu addım yeni müharibənin başlanması deməkdir və belə olan halda, yəni bundan sonra Azərbaycana qarşı hər hansı hərbi təcavüz olarsa, müttəfiqlik müqaviləsinin müddəalarına uyğun olaraq Türkiyə artıq yalnız siyasi-mənəvi dəstəklə kifayətlənməyəcək.

Bəyannamənin məhz Şuşada imzalanması da Ermənistana çox mühüm mesajdır. Müttəfiqlik haqqında Bəyannamə Türkiyəni Qarabağın təhlükəsizliyinin təminatçısına çevirərək, düşməni və revanşist dairələri Şuşaya və bütün Qarabağ torpaqlarına olan iddialarından, yeni işğal hədəflərindən əl çəkməyə vadar edir.

Azərbaycanın öz ərazi bütövlüyünü həmişəlik olaraq bərpa etdiyini Ermənistandakı bəzi dairələr də anlayırlar. Məsələn, bu ölkənin keçmiş prezidenti Levon Ter-Petrosyan bu günlərdə verdiyi açıqlamada digər eks-prezident Robert Koçaryanın Şuşanı və Hadrutu “geri qaytarmaq” bəyanatının ölkəsini yeni müharibəyə və yeni itkilərə sürükləyə biləcəyini deyib. Xatırladaq ki, Rusiya Prezidenti Vladimi Putin də Ermənistanın 10 noyabr bəyanatından imtina edəcəyi təqdirdə bunun həmin ölkə üçün “intihar” demək olduğunu bildirmişdi.

Düşünmək olar ki, Şuşa Bəyannaməsi Putinin, Ter-Petrosyanın və digərlərinin xəbərdarlıqlarından nəticə çıxarmayan avantüristlərin nəyisə “qaytarmaq” xəyallarının, niyyətlərinin üstündən birdəfəlik xətt çəkəcək. Ermənistan bundan sonra keçmiş səhvlərindən nəticə çıxararaq, Azərbaycan və Türkiyənin suverenliyinə, ərazi bütövlüyünə hörmət edərək hər iki ölkə ilə normal münasibətlər qurmaq, bölgədə sabitlik yaratmaq, regiondakı əməkdaşlıq və inkişaf prosesinin tərkib hissəsi olmaq, özünün son dərəcə kəskinləşən siyasi, iqtisadi, demoqrafik və s. problemlərini həll etmək barədə düşünməlidir.

Ermənistan və onun havadarları da anlamalıdırlar ki, onların sülhü, barışığı təhdid edən bütün qərəzli fəaliyyətləri Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin qarşısında iflasa məhkumdur.

 

 

Bənzər yazılar

“Qardaşım Bəhruz Cavadazə ilə bağlı iddialar qərəzli və şantajdır” – AÇIQLAMA

Fikrət Fərhadoğlu

“Ermənistan Azərbaycanın Xəzərdəki limanlarından belə istifadə edəcək” – AÇIQLAMA

admin

“Paşinyan oğlunu Cəbrayıldan çıxarmaq üçün İcevan alayından 1200 nəfər öldürüldü” – Ayvazyandan şok açıqlama

admin

Daha bir deputat CƏZALANACAQ: 300 nəfərlik toy məclisi 10 müğənni – karantin qaydaları kobud şəkildə pozuldu

admin

Ordumuzun torpaqlarımızı işğaldan azad etməsi xalqımızın şərəfli tarixidir

Fikrət Fərhadoğlu

İKİNCİ VƏTƏN MÜHARİBƏSİ QƏHRAMANLARINA HƏR KƏS HÖRMƏT VƏ SAYĞIYLA YANAŞMAĞA BORCLUDUR…

admin