16 C
BAKI
28 Sentyabr 2021
Guninfo.az
Image default
GÜNDƏM

Güclənən Azərbaycan, tənəzzülə məruz Ermənistan



Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iyunun 26-da Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki çıxışı Azərbaycanın qalib ölkə kimi bundan sonrakı regional inkişaf proseslərinə münasibətini bir daha ortaya qoyaraq, Ermənistana növbəti ciddi mesajlar verdi.

Ermənistan cəmiyyəti bu vaxtadək erməni başbilənlərin, ideoloqların qurduqları illüziyalarla yaşayıb. 1990-cı illərin əvvəllərində regiondakı geosiyasi vəziyyətin gərginliyi, o vaxtkı Azərbaycan rəhbərliyinin səriştəsizliyi, xarici havadarların dəstəyi sayəsində öz işğalçı niyyətlərini reallaşdıran Ermənistan yanlış olaraq özünü qalib hesab etdi, əslində isə Azərbaycan ərazilərini işğal etməklə özünün siyasi, iqtisadi təcrid durumunun, bir dövlət kimi iflasının əsasını qoydu.

İllərlə davam edən işğal amilindən və cəzasızlıq mühitindən daha da şirniklənən Ermənistan münaqişənin həlli yönündə gedən danışıqlarda qarşılıqlı kompromis imkanlarından imtina edir, absurd tələbləri ilə prosesi mənasızca uzadır, bəlkə də zaman keçdikcə Azərbaycanın işğalı da, Qarabağı da unudacağına ümid edirdi. Vaxt keçdikcə güclənən Azərbaycandan işğala dözməyi, güzəştlərə getməsini tələb etməyin daha da çətinləşəcəyini isə Ermənistanda çox az adam dərk edirdi.

Azərbaycan isə Prezident İlham Əliyevin dediyi kimi, işğal altındakı torpaqların azad olunacağı günü yaxınlaşdırmaq üçün hər gün çalışırdı. Azərbaycanın uğurlu daxili siyasəti, xarici iqtisadi tərəfdaşlığı, beynəlxalq arenadakı uğurlu fəaliyyəti və ağıllı hücum diplomatiyası ölkəmizi tarixdə olmadığı qədər güclü bir dövlətə çevirərək bütün parametrlər üzrə Ermənistandan dəfələrlə üstün səviyyədə bərqərar etdi.

Buna baxmayaraq, Ermənistanın Paşinyanın simasında yeni rəhbərliyi həm faktiki olaraq münaqişənin həllindən imtina etdi, həm də işğal etdiyi Azərbaycan ərazilərini ilhaq etmək niyyətini ortaya qoyaraq açıq təxribatlara yol verdi. Öz təhrikçi siyasəti ilə ikinci Qarabağ savaşını qaçılmaz edən Ermənistan nəhayət ki, layiq olduğu cəzanı elə Azərbaycanın özündən aldı.

44 günlük Vətən müharibəsi Prezident İlham Əliyevin qətiyyətli siyasətinin, Azərbaycan xalqının iradəsinin və tarixi ədalətin təntənəsi oldu. Bu müharibə Ermənistana öz yerini göstərdi və sübut etdi ki, işğal əbədi davam edə bilməz.

Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək. Qarabağın azad edilməsi, ərazi bütövlüyünün bərpası Azərbaycanın gücünə güc

qatdı. Ölkə rəhbərliyi, hərbi mütəxəssislər Vətən savaşından əldə olunan təcrübəni dərindən təhlil edərək, qiymətləndirərək ordumuzu daha da gücləndirmək istiqamətində addımlar atacaq, dövlətin özünümüdafiə qabiliyyətini daha da gücləndirəcəkdir.

Xatırladaq ki, Prezident İlham Əliyev sözügedən çıxışında hərbi gücümüzün daha da artırılacağının aydın mesajını verdi: “Müharibədən sonra artıq müvafiq göstərişlər verildi, yeni kontraktlar imzalandı, yeni silahların, texnikanın, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlamışdır. Silahlı Qüvvələrimizin struktur islahatları təsdiqləndi. Silahlı Qüvvələrimizin, Ordumuzun say tərkibi artırılacaq. İkinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, öz hərbi gücümüzü artıracağıq. Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur”.

Həqiqətən də Azərbaycan indiyədək Ermənistanı siyasi, iqtisadi blokadada saxlamaqla bərabər möhkəm regional əməkdaşlıq əlaqələri qurub, bölgəni beynəlxalq Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin mühüm tranzit məkanına çevirib. İndi Ermənistan özü üçün taleyüklü olan seçim qarşısındadır: ya Azərbaycana və Türkiyəyə qarşı düşmənçiliyi davam etdirərək özünün formal mövcudluğunu da təhlükə altında qoyacaq, ya da beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə hörmət edərək, qonşuları ilə normal münasibətlər quraraq regional əməkdan və inkişafdan faydalanacaq .

Hülya Məmmədli

Politoloq

Bənzər yazılar

Nazirdən ŞOK ƏMR!SƏMA ŞAHİNLƏRİ OD ƏLƏYİR: “Bordo Bereliler” darmadağın edir – düşmən belə qaçır

admin

“Azəraqrartikinti” ASC sədri, deputat Ağalar Vəliyevin TOPDAĞITMAZ SƏRVƏTİ – SİYAHI

admin

“Taliban” hakimiyyəti ələ keçirdi:ABŞ məxfi sənədləri yandırır, Avropalı səfirlər sığınacaqlara belə qaçır – FOTO

admin

SON DƏQİQƏ: Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalayacağı VAXT AÇIQLANDI

Fikrət Fərhadoğlu

“Bayraktar”ların sayı “F-16”ları ÜSTƏLƏDİ – 500 kamikadze və 1500 müşahidə dronları… – ŞOK GƏLİŞMƏ

admin

Heydərov sərvətini təcili BƏƏ-yə daşıyır- Nəhyan sülaləsilə dostluq, qanunu pozan ərəb qonaqlar

admin