Guninfo.az
Image default
MANŞET

“Soyqırımı” oyununun gizlinləri: Fətullah Gülənin hamisi Bayden Türkiyəyə qarşı

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanıması Ermənistan və ermənilər üçün prinsipial olaraq nəyisə dəyişən deyil. Təbii, bəyanat bundan sonrakı əməllərin və hərəkətlərin proloqudur.

Ankara sərt reaksiya verib, diplomatik qarşıdurmalar olacaq.

Lakin anlamaq gərəkdir ki, qondarma “erməni soyqırımı” yalanı ABŞ üçün sadəcə, təsir vasitəsidir.

Eyni zamanda, Ermənistandakı situasiyaya da təsir etmək üçün Vaşinqton mütləq şəkildə Baydenin açıqlamasından yararlanacaq. Ssenari bəsitdir.

“Baxın, biz “erməni soyqırımı” dedik, amma Rusiya demədi. Biz yaxşıyıq, Rusiya pis”, – amerikalılar söyləyəcəklər və Ermənistanı Rusiyanın təsir orbitindən, daha doğrusu, tam və total nəzarətindən çıxarmaq üçün əllərindən gələni edəcəklər.

Baydenin sözügedən bəyanatı ilə Vaşinqton bundan sonra ən azı on il erməniləri istismar edəcək.

Türkiyə isə sayıq davranmalıdır, “əzəli dost və tərəfdaş” Vaşinqtonun bundan sonra hansı addımlar atacağını təxminləməyə çalışmalıdır.

Əslində Birləşmiş Ştatlar üçün “dost ölkə” anlamı yoxdur: Vaşinqton bütün dünya dövlətlərini “vassal-vassal olmayan”lara bölür.

40 il əvvəl Reyqan da demişdi

Ronald Reyqan (1911-2004) “erməni soyqırımı” ifadəsini işlətmiş ilk prezidentdir.

1981-1989-cu illərdə Birləşmiş Ştatların dövlət başçısı olmuş Reyqan seçkiqabağı təbliğat kampaniyasında erməni seçicilərə verdiyi vədə əməl etmiş və prezident seçiləndən sonra 1915-ci ildə Osmanlı Türkiyəsində yaşanmış olayları “erməni soyqırımı” adlandırmışdı.

1981-ci ilin aprelin 22-də, yəhudi Holokostunun qurbanlarının anım günü münasibətilə yaydığı 4838 saylı bəyannamədə R.Reyqan bildirmişdi: “Holokostun, habelə onadək törədilmiş erməni soyqırımının və ondan sonrakı kambocalıların soyqırımının dərsləri, habelə digər xalqlara qarşı çoxsaylı təqibləri heç vaxt unutmaq olmaz”.

Elə həmin ilin aprelin 24-ü “əcdadları 1915-ci il soyqırımının qurbanları olmuş erməni əsilli ABŞ vətəndaşları üçün anım günü” elan olundu.

3 il sonra, 1984-cü ilin sentyabrın 10-da ABŞ Konqresinin Nümayəndələr Palatası 1915-ci ildə Osmanlı Türkiyəsində “erməni soyqırımı” törədilməsi ilə bağlı ikinci qətnamə qəbul etdi.

40 il keçdi, ABŞ prezidenti Co Bayden “erməni soyqırımı” kəlməsini işlətdi.

Beləliklə, ABŞ Türkiyəyə aşkar təzyiq göstərmək üçün yenə ermənilərdən marionetka kimi istifadə etməyə qərar verdi.

Bayden söylədi. Bu nə deməkdir?

ABŞ prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsinin yer aldığı bəyanatı heç bir halda qondarma “erməni soyqırımı”nının hüquqi tanınması hesab edilə bilməz. Birləşmiş Ştatların dövlət başçısının bəyanatını (Statement) hüquqi akt sayılan prezident fərmanı (Order) ilə səhv salmaq yolverilməzdir.

ABŞ-da nəyinsə dövlət tərəfindən hüquqi tanınması yalnız Konqresin hər iki palatasının (Nümayəndələr Palatası və Senat) qəbul etdiyi (Joint Resolution – JR) qətnamə əsasında qəbul edilmiş və Ali Məhkəmə tərəfindən təsdiqlənmiş federal qanundur (Federal Law).

1974-cü ildən bəri Birləşmiş Ştatlarda qondarma “erməni soyqırımı”nın “tanınma” prosesi bütün hallarda “zəruri natamamlıq” prinsipi əsasında həyata keçirilir. Nümayəndələr Palatası qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qətnamə qəbul edir – Senat bu qətnaməni rədd edir, Senat qəbul edir – Nümayəndələr Palatası ümumi səsverməyə çıxarmır, Senat və Nümayəndələr Palatası qəbul edərək “Joint Resolution” hazırlayır – Ağ Ev rədd edir.

Co Baydenin “etiraf”ının gerçəkləşməsi üçün Nümayəndələr Palatası və Senat qətnaməni qanun halına salmalı, Ali Məhkəmə də bu qanunu təsdiqləməlidir.

Konqresin hər iki palatasında demokratların çoxluq təşkil etdiyini, Ağ Ev administrasiyasının da hazırda Türkiyəyə qarşı çox antipatik mövqe tutduğunu nəzərə alsaq, qətiyyən sakitləşmək və rahatlaşmaq olmaz.

Bayden və Gülən dueti

ABŞ prezidenti Co Bayden Türkiyədəki mövcud hakitmiyyətin inadlı və qətiyyətli “düşmən”idir. Barak Obama administrasiyasında vitse-prezident olanda Bayden açıq şəkildə deyirdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan devrilməli, hakimiyyətdən kənarlaşdırılmalıdır.

2016-cı ilin iyulun 15-dən 16-na keçən gecə Baydenin birbaşa rəhbərliyi ilə demokratlar buna çalışdılar, Türkiyədə hərbi çevrilişə cəhd edildi.

Onu da xatırladım ki, Co Bayden FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin əsas hamisi sayılır. Gülənin indiyədək ABŞ-da çox rahat yaşayıb fəaliyyət göstərməsinin də təminatçısı C.Baydendir.

Ümumiyyətlə, Ağ Evdəki indiki administrasiyanın qarşısına qoyduğu ən əsas vəzifələrdən biri ABŞ-ın tam nəzarət etdiyi, neoliberal rejimlərin yenidən hakimiyyətə qaytarılmasıdır.

Belədə Baydenin növbəti addımı ABŞ-da yaşayan Fətulla Gülənin səhnəyə çıxarılması olacaq.

Səbəblər və nəticələr

ABŞ prezidenti Co Baydenin qondarma “erməni soyqırımı”nı tanımasının səbəbləri ilə bahəm, mümkün nəticələrinə və fəsadlarına nəzər salaq.

1. Lobbizm. ABŞ-dakı hərbi-kəşfiyyat lobbisi uzun illər boyu Türkiyənin maraqlarını müdafiə edirdi. Səbəblər də vardı: NATO-da müttəfiqlik amili, Türkiyədə ABŞ bazaları, Ankaranın ABŞ istehsalı olan silah və hərbi texnikanı həvəsla alması və s.  Ərdoğanın hakimiyyətə gəlişinədək Türkiyə ABŞ-ın və NATO-nun Yaxın Şərqlə Ön Asiyadakı etibarlı, sistemli forpostu, Vaşinqtonun vassalı idi.

Ərdoğan hakimiyyətə gələndən sonra Türkiyə müstəqil siyasət yürüdərək ciddi və qüdrətli regional dövlətə çevrildi. Son illərdə isə bir sıra məsələlərdə Vaşinqtonla Ankara arasında ciddi mövqe fərqləri yarandı.

Suriya, Liviya, İraq və Cənubi Qafqazdakı olaylarla bağlı olaraq Türkiyə ABŞ-dan tam fərqli, müstəqil xarici siyasət prioritetlərini elan etdi.

2015-ci ilin iyununda bilavasitə Vaşinqtonun ssenarisi, maliyyə, siyasi, texniki və s. dəstəyi ilə Türkiyədə hərbi çevrilişə cəhd edilməsi Ankara ilə Vaşinqtonun arasındakı əvvəlki müttəfiqlik münasibətlərini faktiki darmadağın etdi.

Rəcəb Tayyib Ərdoğan yalnız ölkəsinin taktiki, geosiyasi, iqtisadi maraqlarını nəzərə alaraq siyasət yürütməyə başladı.

Suriyada türklər ruslarla birlikdə “təsir zona”larını bölüşdürdülər, kürd dövlətinin yaranmasına imkan vermədilər, süriyalı türkmənləri məhv olmaqdan qurtardılar. İraqda isə Ankara Tehranla əlbir olaraq ABŞ-ın istehsalı olan “İraq Kürdüstanı” layihəsini beşiyində doğdu.

Liviyada türklər Rusiya ilə aşkar qarşıdurmaya gedərək marşal Xəlifə Xaftarın qoşunlarının paytaxt Tripolini ələ keçirməsinə imkan vermədilər və çox böyük ehtiyatlara malik qaz yataqlarının olduğu ərazilərin Tripolidəki Milli Vəhdət Hökumətinin nəzarətinə keçməsinə nail oldu. Üstəlik, Misiri də Ankaraya qarşı qoymaqla Liviyaya nəzarət etmək istəyən Fransanın planları alt-üst oldu.

Güclü, müstəqil və sürətlə inkişaf edən Türkiyə ABŞ-ın maraqları ilə mənafeləri toplusu üçün bölgədə “problem”ə çevrilib.

Vaşinqtonun səbr kasasını daşdıran son damla isə Türkiyənin Rusiyadan S-400 zenit-raket komplekslərini satın alması oldu. Beləcə, Birləşmiş Ştatların hərbi-sənaye komleksinin qüdrətli lobbi mahını Ankaranın rəqibinə, hətta düşməninə çevrildi.

İndiyədək ermənilərin maraqlarına xidmət edən bütün qətnamə layihələrinə qarşı çıxan respublikaçı senatorların indi qondarma “soyqırımı” iddialarını dəstəkləməsi də məhz ABŞ hərbi-sənaye kompleksindən alınmış göstərişlərlə bağlıdır.

Qüvvələr balansı. ABŞ prezidenti Co Baydenin administrasiyası bundan sonra Türkiyəni zəiflətmək və “ram etmək” üyçün Yunanıstanı, Rumıniyanı, Ermənistanı, Misiri, habelə ərəb ölkələrini daha aktiv şəkildə dəstəkləməyə başlayacaq. Yaxın Şərq və Ön Asiyada, habelə Aralıq dənizi sahillərində amerikalıların onillərdən bəri formalaşdırdıqları qüvvələr balansını Türkiyənin “pozması” Vaşinqtonu çox narahat edir.

Birləşmiş Ştatları qıcıqlandıran digər əsas məqam isə İkinci Qarabağ Müharibəsində Türkiyənin Bakıya aşkar siyasi dəstək verməsi və Cənubi Qafqazda aktivliyi, habelə Rusiya ilə birgə sülhməramlı fəaliyyətdə olmasıdır.

Çin. Türkiyə və Azərbaycanın Çinlə əlaqələri geniş müstəvidə aktivləşdirməsi Vaşinqtonun maraqlarına cavab vermir. Birləşmiş Ştatların dünya hegemonu statusuna Çin qətiyyətlə etiraz edir və mane olur. İkinci Qarabağ Müharibəsində birmənalı olaraq Azərbaycanı dəstəkləyən Pakistanın da Çin ilə sıx əlaqələri kimsəyə sirr deyil.

Cənubi Qafqaz Rusiya, ABŞ və Çin arasında yeni, həddən ziyadə sərt qarşıdurmalara meydan olacaq. Böyük ölkələrdən hər biri öz maraqlarını təmin etməyə çalışsa da, müvəqqəti situativ alyansların və birliklərin yaranması da istisna deyil.

Bənzər yazılar

SON DƏQİQƏ: Sumqayıtda vəzifəli şəxs istefa verdi

admin

SON DƏQİQƏ! Azərbaycanda güclü partlayış – ağır yaralılar var

admin

TƏCİLİ!Aprelin 1-dən Azərbaycanda bütün ölkə üzrə tətbiq olunacaq – RƏSMİ AÇIQLAMA

admin

Sabirabadda içməli su ÇİRKAB içindədir – VİDEO

admin

Azərbaycanın bu məşhur bankıda ƏMƏLİYYAT: Xəzinədar HƏBS EDİLDİ – YARIM MİLYONLUQ MƏNİMSƏMƏ – TƏCİLİ

admin

SON DƏQİQƏ:Düşmən mövqeləri darmadağın edildi – Ordumuz Xocavənd, Qubadlı və Laçında irəliləyir – RƏSMİ

admin