21 C
BAKI
22 Sentyabr 2021
Guninfo.az
salam
Image default
SEÇMƏ

İran cəmiyyətində YENİ QIĞILCIM: Ruhanidən mühafizəkarlara SON ETİRAZ – TƏHLİL


Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

İran prezidenti Həsən Ruhani hökumətinin son iclasını keçirdi. Şəxsən mənim üçün Ruhaninin son çıxışı maraq kəsb edirdi. Ruhani dedi ki, hakimiyyətdə olduğu müddətdə xalqa yalan danışmayıblar. Ruhani onu da dedi ki, həqiqətlərin bir çoxunu xalqa söyləmədik, çünki, bu, mümkün və faydalı deyildi.

Açığı deyim ki, islahatçı siyasi fiqur olan Ruhaninin prezidentlik illəri çox keşməkeşli keçdi. Bilindiyi kimi, İran İslam Respublikasının faktiki lideri ali dini rəhbəri Seyid Əli Xameneidir. Hətta deyərdim ki, Xameneinin rızası olmasa kimsə nəinki prezident, heç namizəd də ola bilməz.

Məsələn, son prezident seçkilərində biz buna şahid olduq. Xamenei demək olar ki, islahatçı namizədləri kənarda qoymaqla, gələcəkdəki varisi İbrahim Rəisinin yolunu açdı. Ruhaninin adminstrasiyası dövründə İran qərb dövlətləri ilə nüvə sazişini imzalaya bildi. Doğrudur, daha sonra Tramp bu sazişdən çıxdı. Hərçənd, nüvə sazişi həyata keçsəydi, İran iqtisadiyyatı ağır sanksiyalardan qurtulacaqdı. Buna ən çox İrandakı gənc nəsil ümid bəsləyirdi. Nüvə sazişinin gerçəkləşməsi İranı xarici investorlar üçün cəlbedici edəcəkdi, ölkə iqtisadiyyatı seytnot vəziyyətindən çıxacaqdı. Daha sonra Ruhani adminstrasiyasının ən nüfuzlu şəxslərindən biri, xarici işlər naziri Cavad Zərifin səs yazısının yayılması da mühafizəkarların planlarına tam cavab verdi.

İran anayasasına görə, prokurorluq və ədliyyə sistemi birbaşa ali dini rəhbərə tabedir.

Elə məhz buna görə də ədliyyə sistemi islahatçı ictimai-siyasi xadimlərə qarşı qanunsuz təzyiqlər göstərirdi. Üstəlik, SEPAH-ın da Həsən Ruhani hökuməti ilə arası yaxşı deyildi. Yadınızdadırsa, başqa bir keçmiş islahatçı prezident Məhəmməd Xatəmiyə qarşı da SEPAH və hüquq-mühafizə orqanları təzyiq göstərirdi. Deyə bilərsiniz ki, eyni təzyiqlər qatı mühafizəkar prezident Mahmud Əhmədinejada qarşı da olub. Bəli, Əhmədinejad da ara-sıra SEPAH-la sürtüşürdü, hətta onun qardaşını da həbs etmişdilər. Ali dini rəhbər elə bir sistem qurub ki, istər mühafizəkar, istərsə də islahatçı biri prezident olsun, inqilabın siyasi fəlsəfəsindən kənara çıxan mütləq cəzalandırılır.

İranda son seçkilərdə islahatçı namizədin olmaması həm də nüvə sazişinin iflasa uğramasından da qaynaqlanırdı.

Digər tərəfdən, ölkədəki klerikal hakimiyyət də bu fürsətdən istifadə etdi. 1979-cu ildəki şiə inqilabından sonra ilk dəfə idi ki, prezident seçkilərində ən aşağı seçici fəallığı, aktivlik müşahidə olunurdu. İrandakı gənclik, orta təbəqə klerikal sistemə etibar etmir. İran gəncləri ölkəni tərk etməklə, mövcud rejimi çoxdan baykot edib.

Ölkə iqtisadiyyatının bərbad olması, hiperinflyasiya əhalinin siyasi institutlara da inamını azaldıb.

Həsən Ruhani iqtidarı son 8 ildə ən çox basqını elə ölkədəki klerikal dairələrdən gördü. Ruhani indi deyir ki, çox həqiqətləri dilə gətirmədi ki, bu, İran xalqının vəhdətinə ziyan vurar. Əslində, o, dolayı yolla da olsa deyir ki, biz çalışdıq, ancaq dini rəhbəri və onun ətrafı bizə imkan vermədi.

Xuzistan ostanında quraqlıq və su problemi də ölkədəki vəziyyəti gərginləşdirir. Xuzistandakı etnik ərəb xalqı artıq başda dini rəhbər Xamenei olmaqla problemlərin yaranmasında birbaşa Xameneinin dəftərxanasını görür.

Hazırda İranda ictimai-siyasi situasiya gərgin olaraq qalır. Həm Xuzistandakı ərəblər, həm də Sistan və Bəlucistandakı etnik xalqlar rejimə qarşı siyasi şüarlarını daha da kəskinləşdiriblər. Yeni prezident, Xameneinin gələcəkdəki varisi İbrahim Rəisinin iqtidarını ciddi problemlər gözləyir. Yeni mühafizəkar adminstrasiyanın qarşısında həm siyasi, həm də ciddi iqtisadi problemlər dayanır.

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

GUNinfo.az

Bənzər yazılar

Şagird valideynlərinin NƏZƏRİNƏ! Təhsil Nazirliyi təcili məlumat yaydı – 8 Yanvardan etibarən…

admin

TƏCİLİ: Azərbaycan liderinin BMT-dəki çıxışı İrəvanı QARIŞDIRDI

admin

“Azərsu” ASC sədri Qorxmaz Hüseynovun villası, şəxsi limanı və kateri… – FOTOLAR

admin

Səfirdən Heydər Əliyev haqqında hədyan sözlər — VİDEO

admin

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq İdarəsinin rəisi Akif Əliyev

admin

“Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla öldürdüm” XÜSUSİ TƏYİNATLIMIZDAN ŞOK AÇIQLAMA

admin