10 C
BAKI
14 Aprel 2021
Guninfo.az
Image default
SOSİAL

Devalvasiya riskinin kölgəsində: Dollarla olan kreditlər ucuzlaşır, manat kreditləri isə … – SƏBƏB

Azərbaycanda son 3 ildə kredit faizlərində enmə müşahidə edilsə də, azalma əsasən xarici valyutada olan kreditlərdə baş verir. Manatla verilən kreditlərdə faiz dərəcələrində ciddi dəyişiklik yoxdur. 

Sfera.az bildirir ki, 2018-ci ilin yanvarında manatla verilən kreditlərdə orta faiz dərəcəsi 13,2 faiz, xarici valyutada olan kreditlərdə 9,76 faiz idi. 2019-cu ilin yanvarında manatla kreditlərdə orta faiz dərəcəsi 14,24-ə yüksəldi, xarici valyutada 8,06 faizə endi. Bu dinamika sonrakı dövrlərdə də davam edir. 2020-ci ilin yanvarında manatla kreditlər orta hesabla 13,92 faizlə, xarici valyutada kreditlər 5,9 faizlə, 2021-ci ilin yanvarında manatla kreditlər 13,69 faizlə, xarici valyutada kreditlər 5,2 faizlə ayrılıb. Müqayisə göstərir ki, son 3 ildə manatla kreditlərdə faizlər nəinki azalmayıb, əksinə  bir qədər artıb. Xarici valyutada olan kreditlərdə isə nəzərəçarpacaq azalma var. 
Bu hal həm hüquqi, həm də fiziki şəxslərə verilən kreditlərdə müşahidə edilir. 2018-ci ilin əvvəlində hüquqi şəxslər manatla kreditləri orta hesabla 8,91 faizlə, xarici valyutada 6,84 faizlə alırdısa, 2021-ci ilin əvvəlində manatla kreditləri 9,37 faizlə, xarici valyutada 4,97 faizlə alıblar. Fiziki şəxslərə verilən kreditlərdə də eyni vəziyyətdir. Son 3 ildə fiziki şəxslərə manatla kreditlərdə orta faiz dərəcəsi 16,31 faizdən 16,08 faizə, xarici valyutada kreditlər 16,47 faizdən 6,22 faizə dəyişib.
Yeni verilən kreditlərdə də oxşar hal var. 2019-cu ilin əvvəlində manatla kreditlər orta hesabla 15,87 faizlə ayrıldığı halda 2021-ci ilin əvvəlində 17 faizlə, xarici valyutada olan kreditlər 5,18 faizlə ayrıldığı halda bu ilin əvvəlində 3,97 faizlə ayrılıb.
Müqayisəli təhlillər göstərir ki, manatla kreditlər ucuzlaşmır, xarici valyutada kreditlər isə ucuzlaşır.
Manatla kredit faizləri artsa da, depozit və əmanət faizləri enir. Üç il əvvəl manatla cəlb edilən depozit və əmanətlər üzrə orta faiz dərəcəsi 10,72 faiz olduğu halda bu ilin əvvəlində 8,45 faizə, xarici valyutada isə 3 faizdən 1,7 faizə enib. Bu statistika göstərir ki, bankların həm manatla, həm də xarici valyutada cəlb etdikləri borcları ucuzlaşıb. Amma ayrılan kreditlərdə ucuzlaşma yalnız xarici valyutadadır, manatla ayrılan kreditlərdə ucuzlaşma yoxdur.
Məsələ ilə bağlı Sfera.az az saytına danışan iqtisadçı-ekspert Zaur Əhmədov manatla verilən kreditlər üzrə faizlərin enməməsini milli valyutada olan kreditlərə tələbin yüksək olması ilə izah etdi. Ekspert hesab edir ki, manatla olan kreditlərə tələbin yüksək olmasının əsas səbəbi devalvasiya riski ilə bağlıdır: 
“Cəmiyyətimizdə dollar manat məzənnəsinin hər an dəyişə biləcəyinə dair gözlənti, narahatçılıq var. Buna görə də hər bir borc alan çalışır ki, milli valyutada kredit götürsün, devalvasiya olduqda məzənnəyə görə əlavə borc yaranmasın. Milli valyutada olan kreditlərə tələb yüksək olduğuna görə faizlər enmir”.
Ekspert bildirdi ki, eyni yanaşma vəsaitlərin saxlanmasında müşahidə edilir, hamı daha dayanıqlı valyuta kimi dollarda yığımlara üstünlük verir:
“Bankların cəlb etdiyi əmanət və depozitlərin də çox hissəsi xarici valyutadadır. Deməli, hər bir şəxs daha dayanıqlı valyutada pulunu saxlamaq istəyir, amma borc alanda manatla almağa çalışır. Ona görə banklar məcbur qalıb manatla olan kredit faizlərini endirmir”.
Saytımıza danışan bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə düşünür ki, manatla kredit faizlərinin enməməsinin səbəbi milli valyutada cəlb edilən depozit və əmanətlər üzrə faizlərdə azalmanın böyük olmamasıdır:
“Əvvəllər manatla cəlb edilən əmanətlər 12 faiz idi, hazırda isə 8-10 faizdir.  Fərq böyük deyil. Dollarla olan əmanətlərdə faizlər kəskin düşüb. Əvvəllər dollarla əmanətlər 2-3 faizlə qəbul edilirdisə, hazırda 1 faizdən də aşağı düşüb”.
Ə.Həsənov söylədi ki, banklar dollarla vəsaitləri ucuz cəlb etdiyinə görə xarici valyutada olan kreditləri də aşağı faizlə verir.
Onun fikrincə, manatla kredit faizlərinin yüksək olmasının digər səbəbi riskin yüksək olması ilə bağlıdır: 
“Əslində faiz riskə bağlıdır. Kreditin qaytarılmama riski, məhkəmə xərcləri və s. nəzərə alınaraq kreditlər mümkün olduğu qədər yüksək faizlə verilir”.

Bənzər yazılar

5-ci kolon HƏRƏKƏTLƏNDİ! Qərərgaha çevrilən Ramiz Mehdiyevin kabinetində gizli toplantılara kimlər qatılır? – SİYAHI

admin

Azərbaycanda son sutkada COVID-19-a yoluxanların sayı 400-ü keçdi

admin

SON DƏQİQƏ! Dollarla bağlı qərar verildi

admin

SON DƏQİQƏ: Hindistanla Çin arasında dəhşətli MÜHARİBƏ BAŞLADI – çox sayda ölü və yaralıların olduğu deyilir

admin

Prezident İlham Əliyev onun haqqında uydurulan mifi belə darmadağın etdi

admin

Dizel 34%, su 100%, ərzaq 10-30% bahalaşıb, pensiyalar isə 11,4% artıb – ŞOK BAHALAŞMA

admin